21 yeni planet kəşf edildi

Texnologiya

NASA-nın “planet kəşfiyyatçı” peyki TESS (Transiting Exoplanet Survey Satellite), Dünyaya oxşar planetləri aşkar etmək üçün keçən il kosmosa buraxılmışdı.

Nsa.ge bildirir ki, 18 Aprel 2018-ci ildə planet kəşfinə başlayan TESS peyki 1 ildən çox müddətdir ki, orbitdə araşdırmalarını davam etdirir. Daha əvvəl süpernovaları və qara dəlikləri də araşdıran TESS, son 1 ildə etdiyi 21 planet kəşfi ilə NASA-nı dərin kosmos həyat əlamətlərini tapmaq məsələsində bir addım irəli aparır.

İndiyə qədər TESS Günəş sistemimizin xaricində yalnız ilk ildə 21 yeni planet kəşf edib. Məlum olduğu kimi, TESS 2018-ci ilin aprel ayında orbitə daxil olmuş və ilk olaraq cənub bölgəsindəki ulduzları öyrənmişdi.

NASA, kəşf vasitəsinin bütün gözləntiləri üstələdiyini və şimal bölgəsində daha çox planet axtardığını açıqlayıb. TESS-in baş tədqiqatçısı  George Ricker bildirib ki,  “TESS-in ilk fəaliyyət ilində sürəti və məhsuldarlığı bu vəzifə üçün bütün ümidlərimizi doğruldub”
 
2018-ci ilin iyul ayından bu yana kəşf vasitəsi cənubda qara dəliklər, süpernovalar haqqında məlumat toplayıb. TESS planetləri tapmaq üçün hər səfərdə 27 gün ərzində göydən 24 dərəcəyə qədər olan bir parça izləyir. Həmçinin TESS, Günəş sistemindən 300 işıq ili daha yaxın ulduzlara yönəlir.