Kosmik gəmi üçün biletin qiyməti AÇIQLANDI

Texnologiya

“SpaceX” şirkətinin Marsa uçuşlar üçün hazırladığı “Spaceship” kosmik gəmisi Yer kürəsi hüdudlarında da uçuşlar həyata keçirəcək.

Nsa.ge bildirir ki, şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, “Starship” raketi vasitəsilə dünyanın iri şəhərləri arasında uçuş müddətini azaltmaq mümkün olacaq. Belə ki, London və Honkonq arasında hazırda təxminən 12 saat davam edən reys 32 dəqiqəyədək azalacaq.

Beynəlxalq Astronavtika Konqresində çıxış edən “SpaceX” prezidenti Qvinn Şotvell şirkətin “Spaceship” kosmik gəmisini 2020-ci ilədək Aya göndərməklə planlarını açıqlayıb, eləcə də jurnalistlərin suallarını cavablandırıb.

O, Yer kürəsi hüdudlarında uçuşları “SpaceX” üçün “ikinci dərəcəli sənaye” adlandıraraq bildirib ki, bilet üçün qiymətlər təyyarənin ekonom sinfindən baha, biznes sinfindən isə ucuz olacaq.

Bu, ümumilikdə İ.Maskın 2017-ci ildə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Onun sözlərinə görə, “BFR” (Starship gəmisinin əvvəlki adı) ilə uçuş üçün biletin qiyməti adi təyyarədə ekonom siniflə eyni olacaq. Analitiklər tərəfindən o vaxt aparılan hesablamalara görə, ekonom siniflə Londondan Nyu-Yorka uçuş 1500 dollar, biznes siniflə 11 min dollar təşkil edir.

Bu barədə daha dəqiq məlumat “Starship” kosmik gəmisi üzərində iş sona yaxınlaşanda açıqlanacaq. Şirkətin planlarına görə, gəmi 2021-ci ildə ilk peykləri orbitə göndərəcək, 2023-cü ildə turistləri Ay ətrafında gəzdirəcək, 2050-ci ildə Marsda şəhər tikməyə başlayacaq. Sentyabrda İ.Mask kosmik gəminin prototipini və onun poladdan olan daxili quruluşunu nümayiş etdirib.